12 qəbiristanlığımızın üzərindən asfalt yol çəkilib

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmış, demək olar ki, bütün Azərbaycan-müsəlman izlərini yox edib.
protest.az xəbər verir ki, bu barədə Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş "Qərbi Azərbaycana qayıdış: Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları" adlı tədbirdə çıxışı zamanı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib. 
O, qeyd edib ki, etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmiş, bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görüb:
"Təkcə belə bir faktı xatırladım ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında alim həmkarım Səbuhi Hüseynovla birgə Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində apardığımız monitorinq zamanı müəyyən etdik ki, bu qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilmiş, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib, 6 qəbiristanlıq üzərində yeni-dən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilibdir.
Maraqlıdır, biz tarixi torpaqlarımıza qayıtdıqdan sonra Ermənistan bu vəhşiliyə və bunun kimi vəhşiliklərə necə haqq qazandıracaqdır?! Bəlkə elə buna görə bizim geriyə qayıdış hüququmuz onları dəhşətli dərəcədə qorxudur və vahimələndirir?!".

Çox oxunanlar