Məmurların Bakıda yaratdığı nəqliyyat, ekoloji və memarlıq PROBLEMLƏRİ

Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Onların saxlanılması ilə bağlı əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilib.
Bu il iki icra başçısı oxşar əməllərə görə tutulub. Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayonunun icra başçısı İslam Rzayev tutularaq Bakıya gətirilib və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirirlər ki, İcra hakimiyyətlərində korrupsiya və vəzifə pozuntuları ilə bağlı yoxlamalar bundan sonra da davam etdiriləcək.
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat indiyə kimi əsasən paytaxtdan uzaq bölgələri əhatə edib. Maraqlıdır ki, Bakının rayonları həmişə anoloji tədbirlərdən kənarda qalıb. 
Qeyd edək ki, Bakıda 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallahı, Suraxanı.
Bu rayonların heç birində indiyə kimi ciddi yoxlamaların aparılmaması diqqət çəkir.
Paytaxt rayonlarından hansıların nəqliyyat, memarlıq və ekoloji cəhətdən geri qalması və bu məsələlərdə İcra hakimiyyətlərinin "rolu" maraq doğurur.
Nəqliyyat
protest.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakının bütün rayonlarında nəqliyyat sahəsində problemlər mövcuddur:
“Sadəcə olaraq, viziual şəkildə ümumi istifadə olunan yollarda hər şey qaydasındadır. Yən bu ərazilərdə durum normala yaxındır. Ümumilikdə qəsəbələrin içi, rayonların daxili yolları, küçələri bərbad vəziyyətdədir. İcra hakimiyyətləri yol məsələsinə çox biabırçı şəkildə yanaşırlar, səthi şəkildə işlər görürlər. Məsələn, Səbail rayonunda asfalt çəkirlər, 1 il dözmür. Çünki asfaltın qalınlığına, keyfiyyətinə nəzarət olunmur. Asfaltı necə gəldi, başdansovdu çəkirlər, iki dəfə ağır maşın keçəndə yol çökür. Bayılda Gülbala Əliyev küçəsində asfaltın çökməyən hissəsi yoxdur. Halbuki iki il deyil ki, ora asfalt vurulub. Bərkitmə işini düzgün aparmırlar, əgər İcra hakimiyyətlərinin bu sahədə təcrübəsi yoxdursa həmin işi niyə görür?! 
Əslində yol məsələlərinə bir qurum cavabdeh olsa, yaxşıdır. Bələdiyyə, Hcra hakimiyyəti, Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi yol çəkir. Bu düzgün yanaşma deyil. Yol məsələlərinə vahid mərkəzdən baxmaq lazımdır. Bakı qəsəbə və kəndlərində daxili yollar bərbad vəziyyətdədir”.

Müsahibimiz vurğulayıb ki, İcra hakimiyyətləri yol kənarı əraziləri belə satırlar:
“Evlər elə yaxın tikilib ki, bir ev yandıqda, digər onlarla ev də kül olacaq. Yolların keçmə hissəsinə baxırıq, biabırçılıqdır. Elə evlər var, qapı yola açılır, məsələn Nərimanov rayonunda, bu yaxınlarda tədbirlə bağlı yollar bağlandığından alternativ yollara nəzər yetirdik, baxıram ki, mənzillərin qapısı birbaşa yola açılır. Evdən çıxan şəxs yolda olur. Normal ölkələrdə belə hallar olmamalıdır. Amma bizdə icra başçıları, bələdiyyələr o qədər pula hərisdilər ki, hətta yol sahələrini də satırlar. Təsəvvür edin darısqal yolun qırağında qaz və su xətti də çəkirlər, bir az da daralır və iki maşın qarşı-qarşıya gələndə aləm dəyir bir-birinə. Axşamlar da camaat maşınları harda gəldi  park edir. Gecənin bir aləmi birinin evinə təcili tibbi yardım gəlməlidir, yaxud kiminsə evi yansa yanğınsöndürən gəlməlidir. Həmin iri qabaritli maşınlar o yollardan keçə bilmir. Xəstə evində ölür, yanan ev külə dönür. Kimlərinsə hərisliyi, korrupsiya və rüşvətə aludə olması ucbatından insanlar bədbəxtçilik yaşayırş İnsanlar yollarda hər gün əsəb, stress keçirir, xəstəlik tapırlar. İcra hakimiyyətləri də, yarıtmaz məmurlar da mövcud vəziyyəti izləyirlər. Deyək ki, bu vəziyyəti indiki icra başçısı eləməyib, ondan qabaqkı və ya daha əvvəlki edib. Belə-belə bir-birinə miras ötürüblər. Hamısı sata-sata, kəsə-kəsə gedib”.

Çox oxunanlar