Deputatdan televiziya kanallarına ETİRAZ: "Şou əhli əsas dəyər kimi təqdim olunur"

"Araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir".Protest.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.Deputatın sözlərinə görə, artıq 10 illərdir davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların televiziya kanallarının əsas simasına çevrildiyi görünür:
"Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüşü, mədəniyyəti və dəyərləri ciddi deformasiyaya uğramaqdadır. Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə, düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin - müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilir. Bunun nəticəsində isə bir neçə aparıcı və televiziya kanalı reklam, sərvət toplayır. Telekanallarımızın siması Zəfərimizin parlaq tablosuna uyğun deyil. TV-lərdə nümunəvi Azərbaycan ailə modeli bu və ya digər şəkildə nəinki təbliğ edilir, əksinə, evlilik şoularında bu dəyərlərə ən böyük zərbə vurulur".
Qeyd edək ki, son zamanlar yenidən evlilik proqramlarının efirlərə "ayaq açması", bayağı şou verilişlərinin artması ilə bağlı cəmiyyətdə narazılıqlar var. Məsələnin parlamentdə müzakirəsi, səslənən tənqidlər vəziyyətin xeyli ciddi olmasından xəbər verir.
"Sosial Tədqiqatlar Mərkəzinin araşdırması, rəy sorğuları, gəlinən nəticələr və bununla bağlı millət vəkili Zahid Orucun verdiyi izahatlar çox ciddi mətləblərdən xəbər verir".

Çox oxunanlar