Etibar Hüseynov: Samirə Əfəndiyə təşəkkür!

Neçə gündür ki, gündəmi müğənni Samirə Əfəndinin yarışmada erməniyə yüksək bal verməsi və Ermənistan Vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsinin Bakıya səfəri zəbt edib. Hamı söyür, qınayır, təhqir eləyir; bilən də biməyən də, qanan da, qanmayan da. Bu haqda çox yazılıb, ona görə də mən də qısaca söyləyib, keçəcəm necə deyərlər sözümün canına.
***

Əvvəla Bakıya gəlmiş erməni qonaqlarla bağlı onu deyim ki, bu səfər bizimkilərin bir müddət əvvəl İrəvana etdikləri eyni məramlı səfərərinə adekvat bir təşrif idi. Yəni bizimkilər də eynən tədbir çərçivəsində İrəvana səfər etmiş, paytaxtın bir sıra yerlərində fotolar çəkdirmiş, ziyafətlərdə iştirak etmişdilər. Təbii ki bütün bunlar dövlət səviyyəsində razılaşdırılmış addımlar idi.
***
İndi keçək Samirə Əfəndinin erməniyə yüksək bal verib qucaqlaşmasına. Əvvəla məsələdən fransız olanlara deyirəm: Samirə harada? kimə? nə qədər səs verməyə müstəqil qərar verəcək biri deyil- anladız yəqin ki, nə demək istədiyimi. Burada qınanılası bir məqam varsa, o da Samirənin həmin erməniylə qucaqlaşması faktıdır ki, burda da onu qınamaq düzgün deyil. Niyə? Çünki həmin anda erməni ifaçı emosiyalar halnında Samirənin üzərinə yeriyib onu qucaqlayır; Samirə ona tərəf gedib qucaqlaşmır.Və yaranmış bu cürə seytnot vəziyyətdə Samirənin iki yolu qalırdı:
1. Onu qucaqlamaq istəyən ermənini əli ilə itələyərək buna imkan verməmək. Razılaşın ki, bu həmin anda kifayət qədər kobud, qeyri-etik təsir bağışlayardı.
2. Erməninin ona tərəf gəldiyini gördükdə, qucaqlaşmağa imkan verməmək üçün qabaqcadan əlini irəli uzadaraq- onunla salamlaşıb, təbrik etmək. Burada Samirə ikinci variantı seçsəydi bu daha uğurlu olardı. Amma  hər şey qəfil və gözlənilməz baş verdiyindən o buna hazır deyildi. Təbii ki, hamı bilirdi ki, ermənistan nümayəndəsinə yüksək bal verilməsi də adekvat addım idi. Yəni bir müddət əvvəl Ermənistan tərəfi də bizim ifaçıya yuxarı bal vermişdi.
***
Amma erməniylə bu dərəcədə ifrat sevgi və mehribançılıq təbii ki, hər kəsdə haqlı olaraq qıcıq yaratdı. Və yaranmış bu xoşagəlməz situasiyada Samirə xanım gərək idi ki, səmimi olaraq məsələyə aydınlıq gətirib "hər şeyin spontan, onun iradəsindən asılı olmayaraq baş verdiyini" etiraf edəydi. Bəlkə də bu səmimi etiraf daha anlaqlı qəbul edilərdi. Amma o bunun əvəzinə uğursuz bir bəraət üsulun seçıb "Prezidentimiz də ermənilərlə barışıq siyasəti yeridir də" kimi ifadələr işlətdi.
 ***
Hörmətli Samirə xanım. Tək siz deyilsiz; bu ölkədə hələ də bir çoxları Dövlət babanın dediyi "barışıq", "mehriban qonşuluq"  siyasətini düz anlamır. Anlamırlar ki, bu ifadələr heç də erməniylə yenidən dost-qardaş, cici-bacı olmaq anlamına gəlmir.  Biz Allahın, təbiətin, taleyin hökmü ilə ermənilərlə qonşuyuq. Ona görə də nə biz baş götürüb harasa gedəsiyik, nə də ki, onlar. Yəni biz barışığa da, qonşuluğa da MƏHKUMUQ . Amma bir daha deyirəm ki, bu heç də olub-yaşananları unudub- erməniyə qucaq açmaq, anlamına gəlmir və gələ də bilməz. Biz İranla, Rusiya ilə, Gürcüstanla da qonşuyuq. Heç onlardan da ötrü də, necə deyərlər: gözümüz atmır.  Amma hər biri ilə iqtisadi-siyasi-mədəni əlaqələrimiz var. Bu çərçivələr daxilində Ermənistanla da olacaq.  Yəni hər şey bu qədər qəliz olduğu qədər də, bu qədər bəsitdir.
 ***
Mənim Samirə Əfəndi ilə heç bir yaxından-uzaqdan tanışlığım yoxdur. Amma əminəm ki, o heç də bir çoxlarının qələmə verdiyi kimi yaltaq, satqın, xain birisi deyil. Qazi qızıdır. Və kifayət qədər istedadlı, bir çıxlarından da vətənpərvər xanımdır. Bəzilərinin yaddaşını təzələyim. Samirə Əfəndi 2020-ci ildə Avrovisiya yarışmasında təmsilçımız olmalıydı. Lakin yarışmaya sayılı günlər qalan ərəfədə pandemiya səbəbindən ola bilmədi. Buna baxmayaq o, 44 günlük müharibə dövründə sosial şəbəkələrdə hərbi paltarda fotolarını paylaşıb, erməniləri "terrorçu-faşıst" adlandırırdı. Bu "Avrovisiya" kimi mötəbər yarışmaya namizəd olan bir müğənni üçün kifayət qədər riskli addım idi. Amma o bunu bilsə də, bundan çəkinmirdi.  Bütün bunlara cavab olaraq ermənilər və havadarları o vaxt petisiya açıb Samirənin "Avrovisiya"ya buraxılmaması üçün imza toplanışına baılamışdılar. Bütün bunlar yarışma ərəfəsində Samirə Əfəndinin imic və reputasiyasına zərər gətirsə də, o bundan nə çəkindi, nə də ki, kiməsə üzürhaqlıq elədi. Və bu da nəticədə ona baha başa gəldi.  Həmin il Samirənin mahnı və ifası bukmekerlərin siyahısında birincilər sırasında olsa da, nəticədə 20-ci yerə layiq gürüldü.
***
Ona görə də Samirə Əfəndi heç də Vətən xaini-filan deyil. Sadəcə adam öz iradəsindən asılı olmayaqaq səhvə yol verib. Bu səhvinin də ağrısını çəkdi. Amma atalar demiş " yanlış da bir naxışdır". Və Samirənin bu yanlışının özü də bəzi faydalı naxışlara vəsilə oldu. Samirə Əfəndi bu yanlış addımı ilə ÖZÜ DƏ BİLMƏDƏN  Ermənistan və Azərbaycan  cəmiyyətinə kifayət qədər önəmli, vacib və çox-çox faydalı bir  mesaj vermiş oldu.  Bəs bu mesajlar hansılardı?
***
  Əvvəla baş vermiş bu insident Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün bir siqnal oldu ki: hər kəs ermənilərlə davranışında və münasibətində bundan sonra daha ehtiyatlı və diqqətli olmalıdır. Əks halda xalqın ağır təpkisi ilə üzləşə bilər. Digər tərəfdən isə həm erməni, həm də bizlərə bir daha aydın oldu ki: Prezidentlər də,.. siyasilər, idmançılar, mədəniyyət xadimləri görüşə, şəkil də çəkdirə, hətta rəsmi ziyafətlərdə otura da bilərlər. Ancaq erməniyə qucaq açanları- Azərbaycan xalqı heç vaxt bağışlamayacaq. Və ermənilər də bunun Samirə Əfəndinin timsalında canlı şahidi oldular.  
***
Nəticədə Samirə nifrət, cəmiyyət isə ibrət qazandı. Bu ibrətə görə Samirə xanıma təşəkkürlər. Nə qədər ağır olsa da..

Çox oxunanlar