Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında mühüm məqamlara toxunub. Onun sözləri həm Ermənistan, həm də Azərbaycan üçün ciddi düşüncə mövzusudur.
Paşinyan: “Mənim 2019-cu ildə ‘Qarabağ Ermənistandır, nöqtə’ sözlərimin izahı, həqiqətən, çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim, sovet psixologiyası əsasında formalaşan vətənpərvər idim. Ortaya sual çıxır: indi vətənpərvər deyiləmmi? Əlbəttə, vətənpərvərəm. Bəs bu dilemmanı necə həll edək? Səbəb vətənpərvərlik modeli ilə bağlıdır. Əvvəl sovet imperiyası, daha dəqiq desək, onun liderləri, Stalin, Xruşov və Brejnevin modeli əsasında formalaşan vətənpərvər idim. İndi isə cavabım budur: artıq mən Ermənistanın sülh istəyən analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm.”
Bu fikirlər göstərir ki, siyasətdə yeni düşüncə tərzi və yeni ritorika zəruri mərhələyə çevrilib. Köhnə ritorika, yəni sovetdən miras qalmış sərt, konfrontasiya üzərində qurulan yanaşmalar artıq işləmir. Əksinə, o, həm Ermənistanda, həm də Azərbaycanda dalana aparır və yalnız uğursuzluq və faciə ilə nəticələnir.
Azərbaycan cəmiyyətində, xüsusilə də müxalifət camiəsində köhnə ritorikanın hələ də qorunub saxlanıldığını görürük. On illərdir eyni şüarlarla, eyni yanaşmalarla çıxış etmək, reallıqlara uyğun gəlməyən mövqeləri müdafiə etmək artıq heç bir nəticə vermir. Əksinə, bu, cəmiyyətdə yorğunluq və inamsızlıq yaradır.
Dünyada dəyişən siyasi modellər, regionda yaranan yeni reallıqlar fonunda Azərbaycan müxalifətinin və ictimai düşüncə daşıyıcılarının yeni ritorikaya keçməsi həyati zərurətə çevrilib. Bu, sadəcə bir taktika yox, müxalifətin gələcəyi ilə bağlı strateji məsələdir.
Paşinyanın vurğuladığı kimi, yeni ritorika hər zaman müqavimətlə qarşılanır. Çünki köhnələr, yəni illərlə formalaşmış siyasi düşüncə sahibləri bu dəyişikliyi qəbul etmək istəmirlər. Bu, təkcə Ermənistanda deyil, Azərbaycanda da belədir. Müxalifətin bəzi təbəqələri hələ də keçmiş ritorikanı qoruyub saxlayır, sanki bununla siyasi mübarizə apardıqlarını zənn edirlər. Halbuki bu, cəmiyyət üçün yalnız bədbəxtçilik və çıxılmazlıq yaradır.
Əsl faciə də bundadır: yeni fikirlər, yeni yanaşmalar qəbul olunmur, “köhnə nəsil siyasətçilər” öz baxışlarını müdafiə edərək cəmiyyətin irəliləməsinə əngəl olurlar.
Azərbaycan müxalifəti tez-tez İlham Əliyevə müraciət edərək Paşinyandan nümunə götürməsini, yeni yanaşmalara və islahatlara getməsini tələb edir. Amma unudurlar ki, əgər həqiqətən səmimidirlərsə, islahatlara və yeniliklərə ilk növbədə özləri getməlidirlər. Çünki köhnə ritorika ilə oturub İlham Əliyevdən dəyişiklik tələb etmək ikiüzlülükdən başqa bir şey deyil. Müxalifətin özündə dəyişiklik olmadığı halda, başqasından dəyişiklik tələb etməsi tamamilə gülünc görünür.
Yeni ritorika qarşıdurmaya deyil, modern siyasi düşüncəyə və real problemlərin həllinə yönəlməlidir. Bu, nə zəiflik, nə də güzəşt anlamına gəlməməlidir. Əksinə, bu, güclü müxalifətin və sağlam cəmiyyətin əsas şərtidir.
Köhnə ritorika ilə gələcəyin qurulması mümkünsüzdür. Azərbaycanın müxalifəti və fikir adamları da bunu anlamalı, yeni düşüncə və yeni yanaşma ilə çıxış etməlidirlər. Əks halda, nəticə yalnız daha çox uğursuzluq və zaman itkisi olacaq.
İlqar Hüseynli